Aprelin 4-də ABŞ-ın Çikaqo şəhərinin tanınmış məkanlarından biri olan “Dreyk” otelində birinci İllinoys-Azərbaycan kənd təsərrüfatı forumu keçirilib.

Gazette xəbər verir ki, forumun məqsədi həm Azərbaycanda, həm də ABŞ-ın nəhəng kənd təsərrüfatı ştatlarından olan İllinoys ştatında fəaliyyət göstərən kənd təsərrüfatı üzrə sahibkarları bir araya gətirməklə tərəflər arasında aqrar sahədə əməkdaşlığın yaradılması, məhsuldarlığın artırılması ilə bağlı ABŞ istehsalı olan texnologiyalarla, eləcə də kənd təsərrüfatının müxtəlif sahələrində tətbiq edilən yeni metodlarla tanışlıqdır.

Forum ABŞ-Azərbaycan Ticarət Palatası və İllinoys Ticarət palatasının birgə təşkilatçılığı, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi, ölkəmizin ABŞ-dakı səfirliyi, Birləşmiş Ştatların Bakıdakı səfirliyi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), İllinoys ştatının Kənd Təsərrüfatı Departamenti, Azərbaycanda Amerika Ticarət Palatası (AmCham), Avropa Yenidənqurma və İnkişaf Bankı, CNFA, “Global Chamber”, “John Deere” və “Dentons” şirkətlərinin tərəfdaşlığı ilə təşkil olunub.

Tədbirdə ölkəmizin Kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi və aparıcı kənd təsərrüfatı şirkətlərinin və aqrar tədqiqat qurumlarının daxil olduğu geniş tərkibli nümayəndə heyəti, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və ABŞ-ın aparıcı kənd təsərrüfatı şirkətləri, beynəlxalq maliyyə institutları və müvafiq akademik dairələrin təmsilçiləri iştirak ediblər.

Forum çərçivəsində ABŞ və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı ticarət və investisiyaların təşviqi perspektivləri, mövcud çətinliklər müzakirə edilib. Beynəlxalq ticarət mütəxəssisi və Vaşinqtonda fəaliyyət göstərən “WCC International” şirkətinin rəhbəri Elşən Baloğlanovun moderatorluğu ilə keçən paneldə çıxış edən Dünya Bankının kənd təsərrüfatı üzrə baş iqtisadçısı Bexzod Şəmsiyev, ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova, ABŞ-ın “EXİM” Bankının icraçı direktorunun müavini Yan Blaho, USAID-in Azərbaycanda kənd təsərrüfatı üzrə mütəxəssisi Corc Melton potensial imkanlar barədə danışıblar.

Növbəti sessiyalar çərçivəsində kənd təsərrüfatı sahəsində təhsil və bacarıqların artırılması, texniki peşə təhsilinin əhəmiyyəti, habelə aqrobiznes sahəsində innovativ texnologiyaların və metodların tətbiqi, kənd təsərrüfatının dayanıqlı inkişaf problemləri, yeni suvarma üsulları və bu sahədə mövcud texnologiyalar barədə geniş müzakirələr aparılıb. ABŞ aparıcı kənd təsərrüfatı şirkətləri – “John Deer”, “Lindsay Corporation” və digərləri öz qabaqcıl təcrübələri və texnologiyaları barədə təqdimatlar edib, Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətini bildiriblər.

Forum çərçivəsində Kənd təsərrüfatı naziri İnam Kərimov USAID-in administratorunun müavini Brok Bierman və kənd təsərrüfatı inkişafı sahəsində ixtisaslaşmış CNFA təşkilatının rəhbərliyi ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı ölkəmizin kənd təsərrüfatı sahəsində prioritetləri, mövcud durum və qarşıda duran strateji hədəflər barədə məlumat verilib, əməkdaşlıq perspektivləri müzakirə olunub.