Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Dövlət Aqrar Ticarət Şirkəti” yaradılıb. Şirkət “Kənddən Şəhərə” layihəsinə başlayıb. Layihənin məqsədi kiçik və orta fermer təsərrüfatı sahiblərinə dəstək olmaqdan, onların məhsullarının satılmasına və yeni bazarların tapılmasına kömək göstərməkdən ibarətdir.

Gazette xəbər verir ki, bu sözləri Masallıda jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazirin sözlərinə görə, “Kənddən Şəhərə” layihəsi müasir yarmarka konsepsiyası üzərində qurulub. Müasir yarmarkada qida təhlükəsizliyi və qablaşdırma məsələləri də nəzərə alınır. Vətəndaşların da bu sahədə tələbkarlığı artıb. Buna görə satış yarmarkalarının qurulması müasir tələblərə uyğun həyata keçirilməlidir. Bundan başqa, supermarketlərdə də “Kənddən Şəhərə” loqosu ilə məhsullar satışa çıxarılacaq.

İnam Kərimov qeyd edib ki, fermerlərin məhsullarının satışa çıxarılması üçün elektron kənd təsərrüfatı çərçivəsində işlər görülür: “Fermerlərimiz bəzən planlaşdırmanı düzgün apara bilmirlər. Əlbəttə ki, bu sahədə dövlət onlara dəstək olmalıdır. Məsələn, bir il sarımsaq baha olur deyə, hamı sarımsaq əkir və nəticədə növbəti il qiymətlər ucuzlaşır. Bu səbəbdən fermerlər nə əkmək istəyirsə, bir il öncədən elektron kənd təsərrüfatı vasitəsilə dövlətə bildirməlidir. Bazar təhlil edildikdən sonra fermerə tövsiyə olunacaq ki, hansı məhsulu əkmək daha məqsədəuyğundur”, - deyə nazir vurğulayıb.