Dövlət Aqrar Ticarət Şirkətində ölkəmizdə səfərdə olan Çexiya iş adamlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Gazette xəbər verir ki, görüşdə Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Çexiya Kənd təsərrüfatı nazirinin müavini Pavel Veselinin rəhbərlik etdiyi nümayəndə heyəti, Çexiyanın ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri Milan Ekert, eləcə də qida istehsalı ilə məşğul olan yerli şirkətlərin təmsilçiləri iştirak edib.

Qonaqlar əvvəlcə Kənd Təsərüffatı Nazirliyinin tabeliyində olan Dövlət Aqrar Ticarət Şirkətinin həyata keçirdiyi “Kənddən Şəhərə” layihəsi çərçivəsində fəaliyyət göstərən eyniadlı satış mərkəzi ilə tanış olublar. Satış mərkəzi ilə tanışlıq zamanı qonaqlara Dövlət Aqrar Ticarət Şirkətinin fəaliyyəti, “Kənddən Şəhərə” layihəsinin məqsədi, satış mərkəzinin iş prinsipi barədə ətraflı məlumat verilib.  

Daha sonra Çexiya iş adamları yerli qida istehsalçılarının məhsullarından ibarət sərgi ilə tanış olub. Sərgi iştirakçısı olan 18 yerli istehsal şirkətinin nümayəndələri öz məhsulları barədə qonaqlara məlumat verib, məhsulların dequstasiyası həyata keçirilib.  

Çexiya Kənd təsərrüfatı nazirinin müavini Pavel Veseli Azərbaycan qida istehsalçıları ilə təşkil olunan bu görüşün mühüm əhəmiyyətə malik olduğunu bildirib: “Azərbaycan kənd təsərrüfatı sahəsində çoxillik təcrübəyə malik bir ölkədir. Ölkələrimiz arasında bütün sahələr üzrə ikitərəli münasibətlər var və bu əlaqələr günü-gündən inkişaf edir. Bizim Azərbaycana səfərimizin və bugünkü görüşün əsas məqsədi ölkələrimiz arasında mövcud olan əməkdaşlığı daha da inkişaf etdirmək üçün danışıqlar aparmaq, Azərbaycanda istehsal olunan məhsulların Çexiyaya ixracı üçün mümkün əlaqələri qurmaqdır. Dəvətə və yüksək qonaqpərvərliyə görə azərbaycanlı həmkarlarımıza təşəkkür edirik.”

Dequstasiya zamanı məhsulları bəyəndiklərini qeyd edən çexiyalı iş adamları yerli qida istehsalçıları ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova Çexiya nümayəndə heyətinə dəvəti qəbul edib görüşdə iştirak etdiklərinə görə təşəkkür edib və gələcəkdə belə görüşlərin davam etdiriləcəyini qeyd edib: “Dövlət Aqrar Ticarət Şirkətinin əsas məqsədi kiçik və orta fermer təsərrüfatı sahiblərinin, eləcə də yerli qida istehsalçısı olan şirkətlərin məhsullarının satışına dəstək göstərməkdən ibarətdir. Bu zaman biz yerli istehsal qida məhsullarının ixracını da təşkil etməyə çalışırıq. Bugünkü görüşün məqsədi də yerli qida istehsalçısı olan şirkətlərlə Çexiyadan gəlmiş iş adamlarının birbaşa ünsiyyətini təşkil etmək, çexiyalı qonaqlara yerli məhsulların tanıtımını həyata keçirməkdir. Bu cür görüşlər iki ölkə arasında həm aqrar sahədə, həm də qida məhsulları sahəsində əməkdaşlığın gələcək inkişafına töhfə verəcək.”

Çexiya nümayəndə heyətinin üzvləri, eləcə də yerli qida istehsalçısı olan şirkətlərin təmsilçiləri belə görüşlərin mütəmadi keçirilməsində maraqlı olduqlarını vurğulayıblar.