"Müharibə əlillərinə Prezidentin təqaüdünün məbləğinin I qrup əlilliyə görə 182 manatdan 250 manata, II qrup əlilliyə görə 158 manatdan 230 manata, III qrup əlilliyə görə 121 manatdan 210 manata qaldırılıb".

Gazette xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında Prezident İlham Əliyevin 25 tarixli Sərəncamını şərh edərkən bildirib.

Nazir qeyd edib ki, həmçinin sənəd əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Prezidentin təqaüdünün əmək pensiyası almaq hüququ olan I qrup əlillərə (gözdən əlillər istisna olmaqla) də şamil olunmasını və bu təqaüdün məbləğinin 73 manatdan 100 manata çatdırılmasını nəzərdə tutulur.

S. Babayev 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği hazırda 121 manatdır ki, bu məbləğin də 150 manata çatdırılması Sərəncamda əksini tapdığı diqqətə çatdırıb.

O, həmin artımların edilməsi üçün də Sərəncama əsasən normativ hüquqi aktların layihələrinin hazırlanaraq qeyd olunan müddətdə, yəni on beş gün müddətində dövlət başçısına təqdim olunacağını vurğulayıb. 

Sahil Babayevin sözlərinə görə, qeyd olunan müavinət və təqaüdlərin cari ilin aprelin 1-dən artırılması nəzərdə tutulur və bu artımlar üçün cari ilin 9 ayı üçün əlavə olaraq 300 milyon manat, illik isə əlavə olaraq 400 milyon manat vəsait ayrılacaq.