Bakıda Novruz bayramı ərəfəsində keçiriləcək "Kənddən şəhərə" kənd təsərrüfatı yarmarkasının sayı və müddəti artırılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Ticarət Şirkətindən Gazette-yə verilən məlumata görə "Kənddən Şəhərə" Novruz yarmarkası martın 2-dən etibarən aşağıda qeyd olunan 4 ünvanda əhaliyə xidmət göstərəcək:

1. Səbail rayonu (Nizami küç. 154b)

2. Nizami rayonu (Qara Qarayev küç. 55/57 sayli binanın qarşısı, Orbita ticarət mərkəzinin dayanacağı)

3. Yasamal rayonu (Hüseyn Cavid prospekti, Elmlər Akademiyası parkı)

4. Xəzər rayonu (Maştağa, Buzovna yolu Abşeron küç.)

Qeyd edək ki, yarmarkanın keçirilməsində məqsəd həm paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eyni zamanda süni qiymət artımının qarşısının alınmasıdır.

İstiliklə təchiz olunan yarmarkada iştirakçılar xüsusi piştaxtalar və tərəzilərlə təmin ediləcək, məhsulların qida təhlükəsizliyi standartlarına uyğunluğu yoxlanılacaq. Ötən dəfə olduğu kimi, bu dəfə də fermerlər yarmarkada tam ödənişsiz iştirak edə biləcəklər.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əldə edilmiş razılığa əsasən, yarmarka ərazisində ötən dəfə olduğu kimi Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası fəaliyyət göstərəcək. Məhsullar laboratoriya yoxlamasından keçirildikdən sonra satışa buraxılacaq. Məhsulların qiymətləri isə tələb-təklif əsasında müəyyən ediləcək və fermerlərin özü tərəfindən təyin ediləcək. Yarmarkada 110 fermerin iştirak etməsi nəzərdə tutulub.

Martın 21-dək davam edəcək və bütün növ yerli kənd təsərrüfatı məhsullarının satışının təşkil ediləcəyi yarmarkada alıcılar meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, ət və süd məhsulları, bal və s. ala biləcəklər.

Dövlət Aqrar Ticarət Şirkəti adlı şəxsin şəkli.