Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş paracüdo üzrə beynəlxalq Qran Pri yarışına start verilib.

Gazette xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışda 35 ölkədən 214 cüdoçu qalib adı uğrunda mübarizəyə qoşulub.

Turnirdə ölkəmizi 21 cüdoçu təmsil edir. Kişilərin yarışında 11, qadınların mübarizəsində isə 10 idmançımız bacarığını nümayiş etdirəcək.

Yarışın ilk günündə kişilərdə 60, 66, 73, 81, qadınlar isə  48, 52 və 57 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib. Azərbaycan millisinin 6 üzvü finala yüksəlib.

Qadinlar arasında 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Şahanə Hacıyeva həlledici görüşdə çinli Li Liqinqi məğlubiyyətə uğradaraq qızıl medala sahib olub.

52 kiloqram çəkidə Səbinə Abdullayeva və Bəsti Səfərova bürünc medal uğrunda görüşdə bir-birilərinə rəqib olublar. Bu qarşılaşmadan Bəsti Səfərova qalib ayrılıb.

57 kq çəki dərəcəsində  Azərbaycanın iki cüdoçusu - Sevda Vəliyeva və Afaq Sultanova finalda qarşılaşıblar. Sevda Vəliyeva bu görüşdən qələbə ilə ayrılıb və turnirin qalibi adını qazanıb. 

Kişilərin yarışında isə Vüqar Şirinli (60 kq) finalda Rumıniya təmsilçisi Florin Alexandruya qalib gəlib və qızıl medala yiyələnib. Bayram Mustafayev (66 kq) gürcüstanlı Giorgi Kaldaniyə məğlub olaraq gümüş medal əldə edib. Bu çəkidə çıxış edən digər idmançı Namiq Abbaslı bürünc medal uğrunda Gürcüstan təmsilçisi Giorgi Gamiashvilini məğlub edərək üçüncü olub. 73 kiloqramda Ramil Qasımov üçüncü yeri tutub. Hüseyn Rəhimli (81 kq) isə finalda Özbəkistan idmançısı Davurxom Karomatova məğlub olub və gümüş medala layiq görülüb.

Digər çəki dərəcələrində gürcüstanlı Giorgi Kaldani (66 kq), Özbəkistan təmsilçiləri Feruz Sayidov (73 kq), Davurxom Karomatov (81 kq) və ukraynalı İnna Cherniak (52 kq) qalib olublar.

“Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları verən Qran Pri yarışına mayın 14-də yekun vurulacaq.