Rusiyanın "Zenit" futbol klubun hücumçusu Aleksandr Kokorinlə, "Krasnodar" futbol klubunun yarımmüdafiəçisi Pavel Mamaevin həbs müddəti uzadılıb.

Gazette-nin məlumatına görə Moskvanın Tver məhkəməsi hər iki futbolçunun həbs müddətini aprelin 8-nə kimi uzadılması barədə qərardad çıxarıb.

Futbolçuların vəkilləri məhkəmə qarşısında onların zamin müqabilində azadlığa buraxılması barədə vəsadət qaldırsalar da hakimdən rədd cavabı alıblar.

Qeyd edək ki, ötən ilin payızında Aleksandr Kokorinlə Pavel Mamaev daha bir neçə nəfərlə birlikdə içkili vəziyyətdə küçədə dava salaraq Rusiyanın televiziya kanalının birinin əməkdaşının maşını əziblər. Bununla kifayətlənməyən futbolçular kafeyə daxil olaraq iki dövlət məmuruna bədən xəsarətləri yetiriblər.

Polis tərəfindən saxlanılan rusiyalı futbolçular 2018-ci ilin 12 oktyabr tarixindən etibarən həbsdədirlər. Hər iki futbolçuya qarşı xuliqanlıq və qəsdlə adam yaralama maddəsi ilə cinayət işi açılıb.

Verilən məlumatlara görə istintaq artıq yekunlaşıb və tezliklə hökm verilməsi üçün iş məhkəməyə göndəriləcək.