Heydər Əliyev adına İdman Sarayında keçirilən paracüdo üzrə beynəlxalq Qran Pri turniri sona yetib.

Gazette xəbər verir ki, yarışın sonuncu günündə kişilər 90, 100, +100, qadınlar isə  63, 70 kiloqram və +70 kq çəki dərəcələrində mübarizə aparıblar.

Turnirin ikinci günündə 9 paracüdoçumuz medallar uğrunda mübarizə aparıb.

Təmsilçilərimizdən Rövşən Səfərov 90 kq-da finalda İran idmançısı Vahid Nuriyə məğlub olub və gümüş medala layiq görülüb.

60 kq çəkidə çıxış edən Xanım Hüseynova isə bürünc medala sahib olub.

Kişilər arasında iranlı Vahid Nuri (90 kq), Böyük Britaniya idmançısı Kristofer Skelley (100 kq) və özbəkistanlı Şirin Şaripov (+100 kq) qalib adını qazanıblar.

Qadınların mübarizəsində isə özbəkistanlı Nafisa Şeripboyeva (63 kq), meksikalı Lenia Ruvalkava (70 kq) və İtaliya təmsilçisi Karolina Kosta (+70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Xatırladaq ki, turnirin ilk günündə Azərbaycan millisi 3 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan və 35 ölkədən 214 cüdoçu qalib adı uğrunda mübarizə apardığı Qran Pridə Azərbaycan 21 idmançı ilə təmsil olunub.

"Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıran turnirdə Azərbaycan millisi 3 qızıl, 4 gümüş və 4 bürünc medalla komanda hesabında ikinci yeri tutub.