“Grammy” və “Oscar” mükafatlı britaniyalı müğənni Sam Smith aprel 27-də Bakıda konsert proqramı ilə çıxış edəcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Gazette-yə daxil olan məlumata görə, çox sayda mükafata layiq görülmüş və milyonlarla albom satışı ilə böyük uğur qazanmış britaniyalı müğənni Formula 1 üzrə Azərbaycan Qran Prisinin keçiriləcəyi yarış həftəsonunun şənbə günü - 27 aprel tarixində axşam saatlarında Bakı Kristal Zalında canlı konsert verəcək.

2012-ci ildə “Disclosure” qrupu ilə birgə ifa etdiyi “Latch” mahnısı ilə məşhurlaşan Sam Smith daha sonra səhnə adı “Naughty Boy” olan britaniyalı musiqiçi ilə birgə çıxardığı “La La La”  mahnısı ilə ilk pillədə yer alıb. 2014-cü ilin əvvəlində “BRITS Critics’ Choice” mükafatına layiq görülərək elə həmin il “BBC” tərəfindən yeni və istedadlı musiqiçilərin aşkar edilməsi məqsədilə keçirilən sorğuda ilk pilləyə layiq görülüb. Smith karyerasına başladığı vaxtdan bu yana “Writing’s On The Wall” daxil olmaqla çıxardığı mahnılarla Birləşmiş Krallığın rəsmi hit-paradında 7 dəfə 1-ci yeri tutub.

Qeyd edək ki, onun ifa etdiyi “Writing’s On The Wall” mahnısı hit-paradda birinci yer tutan ilk “James Bond” musiqisi kimi Ginnesin Rekordlar Kitabına daxil olub. Sam Smith ümumilikdə 4 “Grammy”, 2 “BRIT” və “Ən Yaxşı Orijinal Film Musiqisi” nominasiyasında (“Writing’s On The Wall”) “Oscar” və “Golden Globus” mükafatlarına layiq görülüb.  

Musiqiçinin “In The Lonely Hour” adlı ilk albomu 2014-cü ilin may ayında Birləşmiş Krallığın “UK Singles Chart” və ABŞ-ın “Billboard Top 200” hit-paradlarında müvafiq olaraq 1-ci və 2-ci yeri tutub və bu albomun dünya üzrə satışı 15,8 milyondan çox olub. Bununla da, Sam Smith Amerikada albomun çıxdığı ilk həftədə ən çox satış edən ilk britaniyalı kişi müğənni, eləcə də, 2014-cü ildə həm Birləşmiş Krallıq, həm də ABŞ-da bir milyon albom satan yeganə musiqiçidir.