Belarusun paytaxtı Minsk şəhərində keçirilən II Avropa Oyunlarının sonuncu, 10-cu günündə idmançılarımız daha 4 medal əldə ediblər.

Günün ilk medalları yunan-Roma güləşçilərimizdən gəlib. 87 kq çəki dərəcəsində güləş İslam Abbasov finalda rəqibinə məğlub olaraq Avropa Oyunlarının gümüş medalına sahib olub.

130 çəkidə mübarizə aparan Sabah Şəriəti üçüncülük uğrunda görüşdə rəqibinə qalib gələrək "Minsk 2019"-u bürünc medalla tamamlayıb.

Avropa Oyunlarının son 2 medalını komandamızın aktivinə karateçilərimiz yazdırıblar. Karatenin kumite növündə yarışan Firdovsi Fərzəliyev (60 kq) və Rəfael Ağayev (75 kq) finalda müvafiq olaraq Latviya və Ukrayna karateçilərinə məğlub olaraq 4 il öncə Bakıda keçirilən I Avropa Oyunlarında qazandıqları çempionluqlarını qoruya bilməyiblər.

Beləliklə, iyunun 20-dən start götürən II  Avropa Oyunlarında 82 idmançı ilə təmsil olunan komandamız yekunda 5 qızıl, 10 gümüş və 13 bürünc medal əldə etməklə yekun sıralamada 50 ölkə arasında 10-cu yerdə qərarlaşıb.

Medal qazanan idmançılarımız:

Qızıl - Hacı Əliyev, Mahir Əmiraslanov, Mariya Stadnik (hər üçü güləş), Asiman Qurbanlı (karate), Alfonso Loren Dominguez (boks).

Gümüş - İrina Zaretska, Rəfael Ağayev, Firdovsi Fərzəliyev (hər üçü karate), İslam Abbasov, Nurməhəmməd Hacıyev, Elmira Qəmbərova (güləş), Rüstəm Orucov (cüdo), Ağasif Səmədov (sambo), Abdulla Al-Məşyaki və Ruhdil Qurbanlı (gimnastika, 2 medal).

Bürünc - Lorenso Sotomayor (boks), Alyona Kolesnik, Cəmaləddin Məhəmmədov, Hacımurad Hacıyev, Sabah Şəriəti (güləş), İrina Kindrezska, Elmar Qasımov, Məmmədəli Mehdiyev, Hidayət Heydərov (hər üçü cüdo), Abdulla Al -Məşyaki və Ruhdil Qurbanlı (gimnastika), Xəlilov Mehman, Emil Həsənov (sambo), Roman Heydərov (karate).