Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2019-cu ilin ilk reytinq siyahısını açıqlayıb.

Gazette xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 3-cü pillədəki yerini qoruyub. Ötən ay Rusiyada keçirilən Rapid üzrə Dünya Çempionatında ikinci yerə sahib olan Şəhriyarın aktivində 2817 xal var.

Reytinqin birinci pilləsində norveçli dünya çempionu Magnus Karlsen qərarlaşıb. Karlsen 2835 xala malikdir.

Siyahıda ikinci yerdə İddiaçılar Turnirinin qalibi Fabiano Caruanadır. ABŞ-lı qrossmeysterin aktivində 2828 elo xalı mövcuddur.

Azərbaycanlı digər şahmatçılara gəldikdə, siyahıda Teymur Rəcəbov 14-cü (2757), Arkadiy Naidich 21-ci (2734), Rauf Məmmədov 42-ci (2703), Eltac Səfərli (2681) 62-ci, Qədir Hüseynov (2664) isə 81-ci pillədə yer alıb.

Qadınların reytinq cədvəlində ilk iki pillədə Çin şahmatçıları qərarlaşıblar. 

Hou Yifan 2662 xalla birinci, Ju Wenjun isə 2575 elo xalı ilə ikinci pillədədir. Reytinq üçüncüsü ukraynalı Muzychuk Annadır. Onun aktivində 2569 xal var.

Sıralamada 100 ən güclü qadın şahmatçı arasında 3 azərbaycanlı şahmatçı da yer alıb ki, onlardan da ən yüksək nəticəni Günay Məmmədzadə əldə edib. 2422 xala malik Günay reytinqin 49-cu pilləsində qərarlaşıb.

Digər şahmatçılarımızdan Xanım Balacayeva siyahıda 65-ci (2397), Gülnar Məmmədova isə 2368 xalla 99-cudur.