Formula 1 üzrə Dünya Çempionatının 7-ci yarışı olan Kanada Qran Prisi Lewis Hamiltonun qələbəsi ilə yekunlaşıb.

Gazette xəbər verir ki, Kanadanın Monreal şəhərində keçirilən Qran Pridə “Ferrari” komandasının pilotu Sebastian Vettel damalı bayrağı ilk görən tərəf olsa da ona verilən 5 saniyəlik cərimə “Mercedes”in son dünya çempionu Hamiltonu qalib edib.

70 dövrəlik yarışı üçüncü pillədə “Ferrari”nin monakolu pilotu Charles Leclerc başa vurub.

Yarış sonrası Vettel bolidini ilk üç pilləni tutan pilotlar üç ayrılan sahəyə gətirməyərək və onun bolidi üçün ayrılan 2 nömrəli rəqəmi Hamiltonun bolidinin qarşısına qoyaraq FİA-nın (Beynəlxalq Avtomobil Federasiyası) verdiyi qərara öz etirazını nümayiş etdirib.

Kanada QP-də ən sürətli dövrəni “Mercedes”in digər pilotu Valtteri Bottas göstərib. Finlandiyalı sürücü yarışda 1:13.078 saniyəlik nəticə göstərərək aktivinə daha bir xal yazdıra bilib.

Formula 1 izləyiclərinin səsverməsinə əsasən Qran Prinin ən yaxşı sürücüsü Sebastian Vettel seçilib. 

Geridə qalan 7 yarışdan sonra sürücülərin yarışına Hamilton başçılıq edir. Böyük britaniyalı pilotun aktivində 162 xal var. Bottas 133 xalla ikinci, Vettel isə 100 xalla üçüncü pillədə qərarlaşıb.

Mühəndislər yarışında 295 xala malik “Mercedes” liderdir. İkinci sırada qərarlaşan “Ferrari” 172, üçüncü pillədə olan “Red Bull” 124 xal toplamağa müvəffəq olub. 

Qeyd edək ki, növbəti Qran Pri yarışı iki həftə sonra, iyunun 23-də Fransada keçiriləcək.