Formula 1 üzrə Fransa Qran Prisi "Mercedes"in pilotu Lewis Hamiltonun qələbəsi ilə yekunlaşıb.

Qran Priyə poul-pozisiyasından başlayan britaniyalı son dünya çempionu finiş xəttinə birinci çatıb. Bu Hamiltonun F1 üzrə 2019-cu il Dünya Çempionatında arxada qalan 8 yarışda qazandığı 6-cı, karyerası ərzində isə 79-cu qalibiyyəti olub.

Yarışı ikinci pillədə "Mercedes" komandasının digər pilotu Valtteri Bottas, üçüncü sırada isə "Ferrari"nin gənc sürücüsü Charles Leclerc bitirib.

Fransa Qran Prisinə 7-ci pillədən başlayan "qırmızıların" almaniyalı pilotu Sebastian Vettel yarışı 5-ci pillədə başa vurmaqla yanaşı QP-nin ən sürətli dövrəsinə imza atıb və bu onun aktivinə daha 1 xal yazdırıb.

"Mercedes" pilotları Fransa Qran Prisində dubl etməklə 8 yarışın 6-da ilk iki pilləni tutaraq daha bir rekorda imza atıblar. 

Başa çatmış yarışdan sonra Lewis Hamilton sürücülərin yarışında 187 xalla liderliyini davam etdirir. Valtteri Bottasın aktivində 151, Sebastian Vettelin isə 111 xal var.

Mühəndislər yarışına 338 xalla "Mercedes" başçılıq edir. "Ferrari" 198, "Red Bull" isə 137 xala malikdir.

No photo description available.