Futbol üzrə Azərbaycan Premyer Liqasının XV turunun rəmzi komandası açıqlanıb.

Gazette Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, “InStat” şirkətinin təhlili əsasında formalaşdırılan rəmzi “11-lik”də “Səbail”in 3, “Sabah”ın 3, “Qarabağ”ın 2, “Neftçi”, “Sumqayıt” və “Qəbələ”dən isə hərəyə 1 futbolçu yer alıb.

“Sabah”ın hücumçusu Marko Deviç 6-cı, “Qəbələ”nin forvardı Steven Joseph-Monrose 4-cü dəfə “11-liy”ə seçilib. Debütantın digər oyunçusu Cavid İmamverdiyev, “Qarabağ”dan Dani Kintana və “Neftçi”dən Kiril Petrov üçüncü dəfə heyətdə yer alıblar.

“Səbail”dən Kevin Koubemba və “Qarabağ”dan Donald Guerrier ikinci, Aleksandr Rıbka, Elvin Yunuszadə (hər ikisi “Səbail”), Aleksey İsayev (“Sumqayıt”) və Elgün Nəbiyev (“Sabah”) isə ilk dəfə rəmzi komandaya düşüblər.

 

“InStat”ın təhlilinə əsasən Premyer Liqanın XV turunun ən yaxşı futbolçusu Elvin Yunuszadə olub. “Səbail”in müdafiəçisi “Keşlə”yə qarşı görüşdə 90 dəqiqə meydanda olub və bir qol vurub. Araşdırmalara əsasən Elvin Yunuszadə turun ən yaxşı indeksə malik futbolçusudur.