Gazette xəbər verir ki, bunu bu il 26-28 aprel tarixlərində baş tutacaq Formula 1 üzrə "Azərbaycan Qran Pri"si üçün bilet satışına dair son məlumatlarla bağlı açıqlama verən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim bildirib.

Onun sözlərinə görə "Azərbaycan QP"-sinin keçirilmə müddətinin uzadılmasına dair yeni müqavilənin imzalanmasından sonra yarışa beynəlxalq maraq kəskin şəkildə artıb: “Müqavilə müddətinin uzadılması yerli Formula 1 həvəskarları ilə yanaşı xarici azarkeşlər tərəfindən də böyük maraqla qarşılanıb. Belə ki, yeni müqavilə imzalandıqdan sonra satışın tempində 2 dəfəyədək artım qeydə alınıb. Bu artım əsasən Rusiya və Böyük Britaniyadan olan avtoidman həvəskarları hesabına formalaşıb”.

BŞH-nin rəsmi bildirib ki, bilet satışları ötən illə müqayisədə daha yaxşı vəziyyətdədir: “Keçən ilin eyni dövrü ilə müqayisədə bilet satışında daha böyük artım tendensiyası müşahidə olunur. İndiyədək xaricdən 46 ölkədən bilet alınıb və bu rəqəm hər ötən gün böyüyərək daha geniş coğrafi məkanı əhatə etməkdədir. Hal-hazırda Rusiya və Böyük Britaniyadan sonra "Azərbaycan QP"-sinə ən çox maraq göstərən ölkələr Gürcüstan, Avstriya, Hollandiya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri və Finlandiyadır”.