2020-ci ildə keçiriləcək futbol üzrə Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində “E” qrupunda Azərbaycan yığması Bakıda Slovakiya millisini qəbul edib.

Gazette xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyuna millimiz Səlahət Ağayev, Maksim Medvedev, Bədavi Hüseynov, Anton Krivotsyuk, Şəhriyar Rəhimov, Qara Qarayev, Rəşad Eyubov, Riçard Almeyda, Araz Abdullayev, Ağabala Ramazanov və Ramil Şeydayev onbirliyi ilə başlayıb.

Qarşılaşmada ilk təhlükəli epizodu millimiz yaratsa da qolu qonaqlar vurub. Stanislav Lobotka 8-ci dəqiqədə fərqlənib. Juraj Kuckanın 27-ci dəqiqədə cərimə zərbəsindən vurduğu qola Ramil Şeydayev 2 dəqiqə sonra qolla cavab verərək fərqi minimuma endirib. Lakin 30-cu dəqiqədə Marek Hamsik yenidən top fərqini iki topa çatdırıb.

İlk hissəsi 1-3 başa çatan matçın ikinci yarısında qonaqlar daha 2 qol vurmağı bacarıblar. Hamsik 57-ci dəqiqədə dubl etməklə yanaşı Slovakiya millisinin ən sərrast oyunçusu ünvanını da ələ keçirib. Görüşdə son qolu David Hancko 85-ci dəqiqədə vurub və oyun rəqibin 1-5 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda 3 oyundan sonra xal toplaya bilməyən A Millimiz “E” qrupunda sonuncu pillədə qərarlaşıb. Slovakiyaya qədər yığmamız ilk turda Xorvatiyaya 2-1, iyunun 8-də keçirilən II turda isə Bakıda Macarıstana 1-3 hesabı ilə məğlub olmuşdu.

Qeyd edək ki, millimiz EURO-2020-nin seçmə mərhələsində növbəti oyununu sentyabrın 6-da səfərdə Uels yığmasına qarşı keçirəcək.