"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının təqdimetmə mərasimi keçirilib.

Gazette xəbər verir ki, hər il təqdim edilən "Ballon Dor" mükafatını bu il Xorvatiya yığmasının və "Real Madrid" klubunun yarımmüdafiəçisi Luca Modric qazanıb.

Dünyanın 180 ölkəsinin jurnalistlərinin səslərinə əsasən Modric siyahıda Cristiano Ronaldo (Portuqaliya, "Juventus") və Antoine Griezmannı (Fransa,"Atletico Madrid") qabaqlamağı bacarıb.

Xatırladaq ki, Modric 2018-ci ildə Dünya Çempionatının gümüş mükafatçısı və Çempionlar Liqasının qalibi olub. O, daha əvvəl FIFA tərəfindən təqdim edilən "The Best" və UEFA tərəfindən mövsümün futbolçusu mükafatlarına layiq görülüb.

Modricə qədər bu mükafatı Cristiano Ronaldo və Lionel Messi (Argentina, "Barcelona") birlikdə 10 ərzində hərəsi 5 dəfə olmaqla layiq görülüblər.

Tədbirdə yaşı 21-dək olan futbolçular üçün nəzərdə tutulan mükafatın ilk sahibi Fransa millisinin və PSG klubunun futbolçusu Kylian Mbappé olub.

Bu ildən təqdim edilən ən yaxşı "Qadın futbolçu" nominasiyasını isə Norveç millisinin və Fransanın "Lyon" klubunun hücumçusu Ada Stolsmo Hegerberg əldə edib.