Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun növbəti Bilik Evi Ağsu rayonunda fəaliyyətə başladı.

Gazette xəbər verir ki, Ağsu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək Bilik Evinin açılış mərasimindən öncə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevlə görüşüb.

İcra Hakimiyyətinin başçısı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan daxili və xarici siyasətin mahiyyətinin yerlərdə əhaliyə dəqiq və dolğun çatdırılmasına, milli-mənəvi dəyərlərin təbliğinə, gənclərin yeni dünyanın tələblərinə uyğun formalaşması istiqamətində maariflənməsinə ehtiyac var. Bu səbəbdən rayonda Bilik Evinin fəaliyyəti məqsədəuyğundur və yerli rəsmi qurumlar maarifləndirici layihələrin icrasında Fonda dəstək olmağa hazırdırlar. 

Oktay Səmədov Bilik Fondunun ölkə ərazisində həyata keçirdiyi layihələrdən danışaraq, Bilik evlərinin açılmasını bu yöndə atılan əhəmiyyətli addım kimi qiymətləndirib. Hazırda  Nardaran, İsmayıllı, Oğuz, Qax, Ağdaş, Şəmkir, Astara Bilik evlərinin, Qarabağ və Ağstafa Regional Bilik evlərinin fəaliyyət göstərdiyini xatırladan icraçı direktor növbəti maarif ocağının Ağsuda açılmasından məmnun olduğunu bildirib.