Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”ndə dəyişiklik edilib.

Gazette xəbər verir ki, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən peşə təhsili müəssisələrində təhsil müddəti aşağıdakı qruplara görə müəyyənləşdirilib:

- ümumi orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili alanlar üçün təşkil edilən qruplarda - 1 il, texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda - 2 il;

- tam orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili alanlar üçün təşkil edilən qruplarda - 6 ay, texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda - 1 il;

- ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil alanlar üçün təşkil edilən qruplarda - 3 il;

- ümumi orta təhsil bazasından qəbul olunmuş və yüksək texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda - 4 il;

- tam orta təhsil bazasından qəbul olunmuş və yüksək texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda - 3 il.

Ümumi orta və tam orta təhsil səviyyəsini bitirib, istehsalatda və ya digər iş sahələrində müəyyən nəzəri və praktiki peşə bacarıqları qazanmış şəxslər üçün işəgötürənlərin və fərdlərin öz vəsaiti hesabına sifarişlər əsasında həmin və ya digər peşənin öyrənilməsi, ixtisasın artırılması və yenidənhazırlanma üzrə kurslarda təhsil müddəti 6 aya qədərdir.