Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

DİM-dən Gazette-yə verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 59 binada aparılacaq.

İmtahanda 32 min 173 abituriyentin iştirakı nəzərdə tutulur ki, onlardan 27 min 225 abituriyent I qrup üzrə, 4948 abituriyent IV qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 29 min 348 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 24 min 949, IV qrup üzrə 4399 nəfər), 2825 nəfəri isə rus bölməsinin (I qrup üzrə 2276, IV qrup üzrə 549 nəfər) məzunudur. Abituriyentlərin 19 min 438 nəfəri oğlanlar (I qrup üzrə 18065 nəfər, IV qrup üzrə 1373 nəfər), 12 min 735 nəfəri isə qızlardır (I qrup üzrə 9160 nəfər, IV qrup üzrə 3575 nəfər). 28 min 288 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 3320 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 48 nəfər ali təhsil müəssisələrinin, 517 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 164 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1966-cı ildən, ən gənci isə 2004-cü ildəndir.

Bakı şəhərində 14 min 195, Naxçıvanda 721, Gəncədə 3557, Sumqayıtda 2080, Mingəçevirdə 1603, Şəkidə 2177, Bərdədə 1167, Göyçayda 1534, Şirvanda 1655, Lənkəranda 1989, Xaçmazda isə 1495 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11.00-da başlayır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. 

Qeyd edək ki, İmtahanların idarə olunmasına 235 imtahan rəhbəri və 2562 nəzarətçi-müəllim cəlb olunub.