Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bu il Azərbaycanda kəskin istilərin daha tez müşahidə olunduğunu və temperaturun yüksəlməsinin iqlim dəyişmələrinin göstəricisi olduğunu qeyd edib.

Onun sözlərinə görə, iyun ayının ilk günlərindən anomal isti hava şəraiti fonunda son illərin maksimal temperatur göstəriciləri yenilənir. Keçən ilin iyun ayı ilə müqayisədə bu fərq 5-7, bəzi günlərdə hətta 10 dərəcə təşkil edir:

"Son günlərdə bu ayın ən yüksək temperaturu qeydə alınıb. Bakıda 37, Abşeron yarımdasında 39,6, Aran rayonlarında 40-42° isti olub ki, bu da iqlim normasından 7,8° yüksəkdir. Belə temperatur rejimi Azərbaycanda iyul ayının ikinci yarısı, avqust ayı üçün daha çox səciyyəvidir".

U. Tağıyeva son illərdə Azərbaycanda orta illik temperaturun 1,4° yüksəlməsi iqlim dəyişmələrinin göstəricisi olduğunu, bu artımın, təbii olaraq, gündəlik maksimum göstəricilərin artmasında özünü daha çox hiss etdirdiyini qeyd edib.

Onun sözlərinə görə, anomal isti günlərin həm sayı, həm də davamiyyəti artır:

"Gözlənilən istilər haqqında qabaqcadan xəbərdar olub, əhalini anomal isti günlərdə öz səhhətlərinə daha diqqətli olmağa çağırırıq. Analar uşaqları Günəş şüasından qorusunlar, yaşlı insanların Günəşin altında olmaları məsləhət deyil".

ETSN-nin rəsmisi qeyd edib ki, iqlim dəyişmələrinin təsirləri çoxşaxəlidir, bu proses temperaturun yüksəlməsi ilə bərabər, həmçinin təhlükəli hadisələrin artması ilə səciyyələnir:

"Uzunmüddətli quraqlıqlar, su ehtiyatlarının azalması kimi proseslər iqlim dəyişmələrinə həssaslığı artırır. İstər kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsində, istər sudan istifadədə yanaşmaların dəyişməsində biz iqlim dəyişmələri ilə bağlı riskləri azalda, onlara uyğunlaşa bilərik. Bir çox ölkələrin təcrübəsi burada nəzərə alına bilər. Xəzər dənizin tərəddüdləri də iqlim faktoru baxımından ölkəmiz üçün aktualdır. 1995-ci ildə qeydə alınan maksimum göstəricidən səviyyənin 1,2 metr aşağı enməsi, sahilyanı infrastruktur layihələrin icrasında səviyyənin ümumi dəyişikliyinin nəzərə alınmasını vacib edir. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da təhlükəli hidrometeoroloji hadisələr fəsadlarla nəticələnir, şiddətli küləklər, dolu prosesləri, daşqınlar, sel hadisələri daha tez-tez qeydə alınır. Bu proseslər, təbii ki qarşısı alınmayan hadisələrdir. Ölkələrdə fəsadları nisbətən azaltmaq yalnız qabaqcadan xəbərdarlıq sisteminin gücləndirilməsi ilə mümkündür. Burada beynəlxalq təcrübə öyrənilir və onların tətbiqində hidrometeorologiya xidmətlərinin məsuliyyəti artır".