"Fevralın 5-də Ağsu və İsmayıllı rayonlarında 5 bala yaxın və 6 bal gücündə zəlzələlər baş verib. Yeraltı təkanlardan sonra 130-dan çox afterşok qeydə alınıb. Onların bir neçəsinin maqnitudası 3 və ondan çox olub. Təkanlardan bəziləri isə zəif hiss edilib".

Gazette xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Baş direktor bildirib ki, seysmik proses hələ də davam edir: “Ola bilsin ki, həmin ərazilərdə hiss olunan yeraltı təkanlar qeydə alınsın. Ancaq bu təhlükəli deyil. Çünki enerji boşalmaları gedir və gərginlik azalır. Ancaq hazırda həmin ərazilərdə 6 baldan yuxarı zəlzələ olacağı gözlənilmir. Şamaxı-İsmayıllı zonası Azərbaycanda seysmoloji cəhətdən ən aktiv bölgədir. Bu ərazi üçün seysmik aktivlik xarakterikdir. Bölgə həm təkanların sayına, həm də ayrılan enerjinin miqdarına görə fərqlənir. Bu da onu göstərir ki, həmin ərazilərdə litosferdə hərəkətlər aktiv vəziyyətdədir”.

“Fevralın 5-də İsmayıllıda baş verən altı bal gücündə baş verən zəlzələ orta güclü hesab olunur. Bu gün Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla birlikdə zəlzələ bölgəsinə baxış keçirdik. Hadisə nəticəsində bəzi evlərdə çatlar yaranıb. Buna səbəb həmin evlərin inşası zamanı keyfiyyətsiz materiallardan istifadə olunmasıdır. Zəlzələ Bakının Yasamal, Nəsimi, Xətai rayonlarında çoxmərtəbəli binalarda da hiss olunub. Paytaxtın bütün rayonlarında hiss edilməməsinə səbəb Bakının mürəkkəb geoloji quruluşudur”, - deyə Baş direktor vurğulayıb.

Qurban Yetirmişli RSXM-nin əməkdaşlarının zəlzələ baş verən ərazilərdə araşdırmaları davam etdirdiklərini də diqqətə çatdırıb.