ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci paketi noyabrın 5-dən etibarən qüvvəyə minib. 

Gazette xəbər verir ki, ABŞ Prezidenti Donald Trump ölkəsinin nüvə razılaşmasından birtərəfli çıxdıqdan sonra İrana qarşı sanksiyalar tətbiq edəcəyini açıqlamışdı. Bundan sonra ABŞ Maliyyə Nazirliyi Birləşmiş Ştatların İrana qarşı sanksiyalarının 90 və 180 günlük ara ilə iki mərhələdən ibarət olacağını bildirmişdi. 90 gündən sonra ilk sanksiya paketi avqustun 7-də qüvvəyə minib. 180 gündən sonra, yəni noyabrın 5-dən ikinci sanksiya paketi tətbiq olunmağa başlayıb.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, noyabrın 5-dən qüvvədə olan sanksiyalar 6 maddədən ibarətdir. Birinci maddə İranın liman operatorları, yük və gəmiqayırma sektorunu əhatə edir. Sanksiyalar İran İslam Respublikasının Gəmiçilik Xətləri, Cənub Gəmiçilik Xətti şirkətləri və digər əlaqədar təşkilatlara tətbiq ediləcək. İkinci maddə isə neftlə bağlı əməliyyatları nəzərdə tutur. Sanksiyalar İran Milli Neft Şirkəti (NIOC) və Milli Tanker Şirkəti (NITC) daxil olmaqla İrandan neft, neft məhsulları və neft-kimya məhsullarının satışına beynəlxalq məhdudiyyətləri əhatə edir.

Digər maddə İranın maliyyə sektorunu hədəf alıb. Sanksiyaların məqsədi xarici maliyyə qurumlarının İran Mərkəzi Bankı və bəzi maliyyə təşkilatları ilə əməliyyatlarını məhdudlaşdırmaqdır. Dördüncü maddə də İran Mərkəzi Bankı və bir sıra maliyyə institutlarına əməliyyatlarının məhdudlaşdırılmasını nəzərdə tutur.

İrana qarşı sanksiyaların beş və altıncı maddələri isə nəqliyyat və sığorta şirkətləri, eləcə də İranın enerji sektoruna məhdudiyyətləri əhatə edir.

ABŞ-ın Dövlət katibi Mike Pompeonun sözlərinə görə, 8 ölkəyə İrana qarşı tətbiq olunan sanksiyalardan güzəştə gediləcək: “İrandan neft idxalını əhəmiyyətli dərəcədə azaldan, ancaq tamamilə dayandırmayan 8 ölkəyə müvəqqəti güzəşt tətbiq olunacaq”.

Həmin ölkələr Türkiyə, Çin, İtaliya, Cənubi Koreya, Yunanıstan, Hindistan, Tayvan və Yaponiyadır. 

Pompeo İranın sutkalıq neft ixracının 1 milyon barrel azalacağını gözlədiklərini bildirib.

ABŞ-ın Maliyyə naziri Steven Mnuchin qüvvədə olan sanksiyalar çərçivəsində 700-dən çox İran vətəndaşı və təşkilat qara siyahıya əlavə ediləcəyini bildirib. Onun sözlərinə görə, siyahıya 50 bank, enerji ve gəmiçilik sektorundan 400 nəfər və ya təşkilat, "Iran Air" şirkətinə məxsus 65 sərnişin təyyarəsi, özəl olarak müəyyən edilən 250 fərdi şəxs sanksiya siyahısına alınıb. 

Qeyd edək ki, Birləşmiş Ştatlar nüvə razılaşmasından çıxdıqdan sonra ABŞ-ın Dövlət katibi Mike Pompeo may ayında İranla yeni bir razılaşmaya ehtiyac olduğunu vurğulayıb və 12 maddəlik şərt paketi təqdim edib.