Qara dənizin şimalındakı Kerç boğazında Tanzaniya bayrağı altında üzən iki gəmidə yanğın baş verib.

Gazette xəbər verir ki, yanğının bir gəmidən digərinə yanacaq ötürülməsi zamanı baş verdiyi ehtimal edilir. Ekipaj üzvlərinin Türkiyə və Hindistan vətəndaşlarından ibarət olduğu gəmilərdə ilkin məlumatlara görə 14 nəfər həyatını itirib. Hər iki gəmidə ümumilikdə 31 ekipaj üzvünün olduğu bildirilir.

Rusiyanın Dəniz və Çay Nəqliyyatı Agentliyindən verilən məlumata görə gəmilərdən birində sonradan partlayış olub. Agentlikdən yanğını söndürmək üçün 10 gəminin əraziyə göndərildiyi qeyd edilib.