ABŞ-ın nəhəng təyyarə istehsalçı Boeing şirkəti ötən il İndoneziyada, bu il isə Efiopiyada baş vermiş təyyarə qəzalarında dünyasını dəyişənlərin ailələrinə və yaxınlarına yardım məqsədilə 100 milyon dollar məbləğində vəsait ayırıb.

Şirkətdən verilən açıqlamada ayrılan məbləğin qəzalarda dünyasını dəyişənlərin ailə və yaxınlarının təhsil, gündəlik məsrəflər və maddi baxımdan çətin vəziyyətdə olanların bu durumdan çıxarılması üçün sərf ediləcəyi vurğulanıb. Qeyd edilib ki, ayrılan məbləğin şirkətə qarşı təzminat iddiası ilə məhkəməyə müraciət edənlərə ödəniləcək məbləğə heç bir aidiyyəti yoxdur. 

Xatırladaq ki, ötən il İndoneziyanın paytaxtı Cakartadan Sumatra Adasına uçan Boeing 737 Max 8 tipli təyyarənin qəzaya uğraması nəticəsində 189 nəfər, cari ilin mart ayında isə Efiopiyanın paytaxtı Əddis Əbədədən Keniyaya uçmalı olan Boeing’ə məxsus eyni tipli təyyarənin yerə çırpılması nəricəsində 157 nəfər dünyasını dəyişmişdi.

Baş vermiş qəzaların ardından Türkiyə, Çin, İngiltərə, Fransa, Almaniya, Hollandiya kimi bir sıra ölkələr Boeing 737 Max tipli təyyarələrin ölkə ərazisində istifadəsinə və uçmasına qadağa qoymuşdular.

Şirkət tərəfindən verilən açıqlamada baş vermiş hər iki qəzanın təyyarələrdə olan “manevr imkanlarının genişləndirilməsi sistemi”ndə (MCAS) yaranmış nasazlıqla əlaqədar olduğu bildirilmişdi.