Qazaxıstanın cənubunda yerləşən Türküstan vilayətində hərbi hissədə yanğın, ardınca isə partlayış baş verib.

Baş vermiş hadisə ilə əlaqədar hərbi hissənin yerləşdiyi Aris şəhərində fövqəladə vəziyyət rejimi elan edilib və şəhər əhalisinin təxliyəsinə başlanılıb.

Türküstan vilayətinin rəhbəri Umirzak Şukeev vilayətdə fövqəladə vəziyyət elan olunduğunu və yaxınlıqda yerləşən bütün yaşayış məntəqələrinin səfərbər edildiyini bildirib. Onun sözlərinə görə, hadisənin miqyası nəzərə alınaraq Aris şəhərinin təxliyə edilməsi barədə qərar qəbul edilib.

Qazaxıstan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hadisə yerli vaxtla səhər saat 09:20-də Arıs şəhəri yaxınlığında yerləşən silah anbarlarından birində yanğın baş verib, döyüş sursatları partlamağa başlayıb. Yanğının səbəbləri araşdırılır. Qazaxıstanın müdafiə naziri Nurlan Yermekbayev hadisənin baş verdiyi əraziyə yollanıb.

Ölkə Prezidenti Qasyım-Jomart Toqayev "Twitter" mikrobloqunda hadisənin araşdırılması üçün Müdafiə və Daxili işlər nazirlərinə, eyni zamanda Türküstan vilayətinin rəhbərliyinə baş vermiş partlayışın araşdırılması və əhalinin təhlükəsizliyinin təmin edilməsi barədə tapşırıq verdiyini bildirib.

Baş vermiş hadisədə ölən və yararlıların olması barədə rəsmi açıqlama verilməyib. 

Qeyd edək ki, Arıs şəhərində 44,3 min əhali yaşayır.