Avropa Parlamentinə (AP) keçirilən seçkilərdən sonra Avropa İttifaqının (Aİ) ali qurumlarına sədrlik edəcək şəxslərin kimliklərinə aydınıq gəlib. 

Ötən ay Avropa İttifaqına üzv ölkələrin dövlət və hökümət başçılarının iştirakı ilə keçirilən sammitdə bir sıra rəhbər postlara namizədlər barədə fikir ayırılığı mövcud olsa da sonda liderlər yekun nəticəyə gəlməyə müvəffəq olublar.

Fikir ayrılığının ən çox olduğu postlardan biri Avropa Komissiyasına Prezidenti vəzifəsi idi ki, 3 gün davam edən müzakirələrdən sonra bu posta Almaniyanın Müdafiə naziri Ursula von der Leyenin namizədliyi irəli sürülüb. Xanım Von der Leyenin bu postda qalması üçün Avropa Parlamentinin yeni üzvlərinin onun namizədliyini təsdiq etmələri lazımdır. Hər şey öz qaydasında gedərsə Ursula von der Leyen noyabrın 1-dən etibarən öz vəzifəsinin icrasına başlayacaq. Avrokomissiyanın hazrıki prezidenti Jean Claude Junckerdir. 

Razılığa gəlinən digər yüksək vəzifə Avropa İttifaqı Şurasının Prezidenti postudur ki, bu vəzifəyə Belçikanın Baş naziri Charlse Michel seçilib. Gənc yaşlarından siyasətlə aktiv məşğul olmağa başlayan və Avropanın ən uğurlu siyasətçilərindən biri hesab edilən Charlse Michel miqrasiya əleyhinə fəaliyyəti ilə seçilsə də daha çox kompromisə üstünlük verən şəxs kimi tanınır. C. Michel vəzifəsinin icrasına ilin sonunda Aİ Şurasının Prezidenti Donald Tuskın mandat müddəti başa çatdıqdan sonra başlayacaq. 

Aparılan müzakirələrdən sonra Christine Lagarde Avropa Mərkəzi Bankınən sədri seçilib. Maliyə böhranı zamanı Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri kimi Avropada bir sıra vacib qərarların alınmasında başlıca rol oynayan və ixtisasca hüquqşünas olan C. Lagarde 2007-ci ildə Fransanın Maliyə naziri, 2011-ci ildə isə BVF-in sədri seçilib. O, bu vəzifələrə seçilən ilk qadın kimi də tarixə keçib.

İspaniyanın hazırki Xarici işlər naziri Josep Borrel Avropa İttifaqının Xarici əlaqələr üzrə komissarı vəzifəsində Federici Mogerinini əvəz edəcək. 2004-2007-ci illər aralığında Avropa Parlamentinə sədrlik etmiş J. Borrel Aİ-nin xarici siyasətində mühüm rol oynamaqla yanaşı Avropa Komissiyasının vitse-prezidenti vəzifəsində də çalışacaq.

Avropa Parlamentinin keçirilən iclasında parlamentin yeni spikeri müəyyənləşib. Səsvermənin ikinci turunda italiyalı David Maria Sassoli 751 üzvü olan parlamentin 345-nin etimadını əldə edərək vaxtilə üzvü və vitse-spikeri olduğu Avropa Parlamentinin spikeri seçilib. 

Xatırladaq ki, Avropa İttifaqı qurumları arasında xalq tərəfindən seçilən yeganə orqan olan Avropa Parlamentinin üzvləri 5, sədri isə 2,5 illik müddətə seçilir.