Rusiyanın Nijni Novqorod vilayətinin Dzerjinksi şəhərində yerləşən trotil istehsalı  zavodunda partlayış baş verib.

Gazette-nin xəbərinə görə, "Kristal" dövlət elmi-tədqiqat institutunun nəzdindəki zavodda baş vermiş partlayış nəticəsində 79 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Rusiya Səhiyyə Nazirliyindən verilən məlumatda yaralılardan 15-nə stasionar şəraitdə yardım göstərildiyi və onlardan 1 nəfərin vəziyyətinin daha ağır olduğu bildirilib. Yaralılardan 41 nəfəri zavod əməkdaşları, 38-i isə yerli sakinlərdir. 

Hadisə ilə əlaqədar Dzerjinksi şəhərində və şəhərə yaxın daha 3 qəsəbədə fövqəladə vəziyyət elan edilib. 

Partlayış nəticəsində zavoda yaxın ərazilərdə 200-dən çox binada mənzillərin şüşələri qırılıb.

Hökümət texnoloji proseslərin düzgün yerinə yetirilməməsi səbəbindən baş vermiş partlayış nəticəsində kimyəvi maddələrin təsirindən ehtiyat etsə də verilən məlumata əsasən zərərli maddələrin yayılması qeydə alınmayıb.

Qeyd edək ki, "Kristal" zavodunda ard-arda baş vermiş bir neçə partlayışdan sonra 1200 (min iki yüz) kvadrat metr sahəni əhatə edən ərazidə güclü yanğın baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyi yanğının artıq lokallaşdırıldığını açıqlayıb.