Efiopiyada "Boeing 737 MAX 8" avialaynerində baş vermiş qəzadan sonra Türkiyə "Boeing 737 MAX 8" və "Boeing 737 MAX" təyyarələrinin uçuşlarını dayandırıb.

Gazette xəbərinə görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Məlumatda uçuşların təhlükəsizlik məqsədilə müvəqqəti dayandırıldığı bildirilib.

Qeyd edək ki, Türkiyə ilə yanaşı Almaniya, Avstraliya, Sinqapur, Malayziya, Oman, Çin, Cənubi Koreya, Hindistan və digər ölkələrə məxsus ümumilikdə 26 aviaşirkət bu təyyarələrlə uçuşu dayandırıb.

Xatırladaq ki, martın 10-da "Ethiopian Airlines" şirkətinə məxsus "Boeing 737" hava gəmisi qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 157 nəfər, o cümlədən 8 ekipaj üzvü həlak olub. Bu faciədən sonra Efiopiya "Boeing 737" təyyarələrinin istismarını dayandırıb.