Aprelin 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov ilə görüşüb.

Gazette Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Rusiya arasında hərbi, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən Azərbaycan Ordusunun döyüş qabiliyyətini gücləndirəcək yeni hərbi-texniki layihələr müzakirə olunub.

Tərəflər iki ölkənin Müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında işçi görüşlərin təşkili, birgə hərbi təlimlərin keçirilməsi, Xəzər dənizində iki ölkənin hərbi gəmilərinin qarşılıqlı səfərlərinin davam etdirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Səfir Rusiyanın Azərbaycanda yeni təyin olunan hərbi attaşesi polkovnik Andrey Aleksensevi general-polkovnik Z.Həsənova təqdim edib.

Müdafiə naziri yeni təyin olunan hərbi attaşeni ölkəmizdə fəaliyyətə başlaması münasibətilə təbrik edib və Azərbaycan ilə Rusiya arasında hərbi əməkdaşlığın genişləndirilməsi sahəsində uğurlar arzulayıb.