İyunun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları həyata keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Gazette-yə verilən məlumata görə, bu zaman Ermənistan silahlı qüvvələri “OSA” zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrimizi vurmağa uğursuz cəhd göstərib. Zenit-raket kompleksindən buraxılan 2 ədəd raket hədəfə dəyməyərək havada partlayıb.

Bu, hərbi pilotlarımızın ustalığı və aviasiya vasitələrimizdə quraşdırılmış müasir cihazlar sayəsində, digər tərəfdən isə düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması, onun idarə olunmasına təhkim edilmiş döyüş heyətinin isə hazırlıq səviyyəsinin aşağı olması nəticəsində mümkün olub.

Düşmən tərəfindən buraxılan raketlərdən birinin hərəkət trayektoriyası və hədəfdən yan keçməsi anı aviasiya vasitələrimizin təlim uçuşlarının çəkilişlərini həyata keçirmək üçün havaya qaldırılan pilotsuz uçuş aparatımız tərəfindən qeydə alınıb.