Tərtər rayonu istiqamətində Ermənistan silahlı bölmələrinin atəşkəs rejimini kobud surətdə pozaraq təxribat törətməsi nəticəsində iyun ayının əvvəlində şəhid olan Azərbaycan Ordusunun əsgəri Xəlilov Elşən Vüqar oğlunun ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı şəhidin ailəsinə təqdim edilib.

Gədəbəydə "Heydər Əliyev Mərkəzi"ndə keçirilən mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, Gədəbəy Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin əməkdaşları, hərbi qulluqçular, ziyalılar və şəhid ailələri üzvlərinin iştirakı ilə medalın təqdim etmə mərasimi keçirilib.

Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Abdulla Qurbani Müdafiə nazirinin əmrini oxuyub və medalı şəhidin atası Vüqar Xəlilova təqdim edib.

Elşən Xəlilov iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.