Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən iyunun 7-dən etibarən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimləri başlayıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Gazette-yə verilən məlumata görə, iyunun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov birgə döyüş atışlı taktiki təlimi izləyiblər.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimə hazırlıq barədə raport verib.

İdarəetmə məntəqəsində əməliyyat taktiki təlimin planı diqqətə çatdırılıb. Bildirilib ki, təlimin keçirilməsində məqsəd qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətini koordinasiya etməkdən ibarətdir. Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən təlimə 5 minə yaxın şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 təyyarə, helikopter, pilotsuz uçuş aparatı, silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri, 30-dan çox hava hücumundan müdafiə vasitəsi və 300-ə yaxın avtomobil texnikası cəlb edilib. Təlim zamanı şəxsi heyətlərin qidalanması və məişət şəraiti üçün də lazımi tədbirlər görülüb.

Naxçıvan Qarnizonu Qoşunlarının istifadəsində olan silah, texnika və döyüş maşınları ilə tanışlıqdan sonra təlimə start verilib.

Təlimin ssenarisinə əsasən “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının Çevik Hərəkət Taborundan ayrılmış taktiki hava desantı müdafiəmizin yaxın dərinliyində yerləşən yüksəklik istiqamətində irəliləyən düşməni məhv etmək üçün vertolyotdan əraziyə endirilib. Qrup tərəfindən düşmənin kəşfiyyat dozoru aşkarlanaraq məhv edilib. Tabora atəş dəstəyi üçün “D-44” topu vertolyotla yüksəkliyə çatdırılıb. Yaranmış şəraitdən məharətlə istifadə edən bölmələrimiz yüksəklikdə möhkəmlənərək, düşmənin canlı qüvvəsini və zirehli texnikasını məhv edib, düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur olub.

Naxçıvan Qarnizonu Qoşunlarının xüsusi təyinatlı qrupları fəaliyyətə başlayıb. Həmlə qrupu ərazinin relyefindən və məhdudgörmə şəraitindən yararlanaraq düşmənin müdafiə mövqeyinə basqın edib. Əlahiddə Əməliyyat Briqadasının yüksək manevr qabiliyyətinə malik “KOBRA” tipli zirehli döyüş maşınları qrupa atəş dəstəyi veriblər.

Təlimin gedişində tank, “ZMA”, “Xrizantema-S”, “TOS-1A” və “ZU-23-2” tərkibində bölük taktiki qrupu mövqelərimiz arasındakı boşluqları tutaraq müdafiəni gücləndiriblər. Əlahiddə Ümumqoşun Ordunun raket-artilleriya birləşmə və hissələri müdafiə olunan bölmələrin atəş dəstəyinə başlayıb, ən uzaq hüdudlarda düşmənin irəliləyən motoatıcı və tank bölmələrinə, atəş mövqeyində olan artilleriya və minaatan batareyalarına, hava hücumundan müdafiə vasitələrinə, komanda məntəqələrinə zərbələr endiriblər. “SU-25” hücum təyyarələri isə düşmənin irəliləyən bölmələrinin qarşısını aviabombalarla alıb.

Düşmənin hücum edən bölmələrinin tankları, zirehli texnikası və canlı qüvvəsi “T-90 S” tanklarının sərrast atəşi ilə zərərsizləşdirilib. “TOS-1A” yaylım atəşli ağır odsaçan sistemi düşmənin dayaq məntəqələrini tələfata uğradıb. Bu zaman həmləyə keçən düşmən tankları “Xrizantema-S” tank əleyhinə idarə olunan raket kompleksinin atəşi ilə məhv edilib. “OSA-1T”, “İqla-S” və “ZU-23-2” hava hücumundan müdafiə vasitələrinin atəşi ilə düşmən aviasiyasının hücumları dəf olunub. Tank, “PDM-2”, “ZMA”, minaatan, “AQS-30”, snayper və digər atıcı silahların atəşi ilə hücum edən düşmənin zirehli texnikası və canlı qüvvəsi məhv edilib, “Mİ-35” vertolyotlarının məharətli atəş zərbələri ilə sıradan çıxarılıb.

Ordunun raket-artilleriya birləşmə və hissələri bölmələrimizin əks atəş hazırlığına başlayıblar. Ordu aviasiyası düşmənin aşkar olunmuş zirehli texnikasına, ehtiyatlarına və komanda məntəqələrinə zərbələr endirib. Atəş basqınından yararlanan tabor taktiki qrupları sürətlə düşmənin ön xəttinə yaxınlaşaraq döyüş düzülüşünə açılıb, ön xətdə və yaxın dərinlikdə yerləşən düşmənin atəş vasitələrini məhv ediblər. Tank və digər döyüş maşınlarının sərrast atəşi ilə düşmənin zirehli texnikası, sığınacaqlarda olan atəş vasitələri məhv edilib. Güclü atəş imkanına malik olan tabor taktiki qrupları düşmənə cinahlardan zərbələr endirib.

Hərəkəti təminetmə dəstəsi bir istiqamətdə düşmənin tank əleyhinə xəndəkləri üzərində körpü qurub, digər istiqamətdə isə mina sahəsindən keçidlər açaraq ehtiyatların irəliləməsinə nail olub. Təxliyə qrupları döyüş meydanında vurulmuş texnika və yaralıların təxliyəsini həyata keçiriblər. Hücumun inkişaf etdirilməsi və cinahlara doğru genişləndirilməsi məqsədilə Əlahiddə Ümumqoşun Ordunun ehtiyatları döyüşə salınıb, düşmən ehtiyatlarının irəliləməsinin qarşısının alınması məqsədi ilə taktiki və hava desantları endirilib. Beləliklə də Naxçıvan Qarnizonu Qoşunları Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri ilə birgə təlimdə qarşıya qoyulmuş tapşırığı uğurla yerinə yetirərək şərti düşmən üzərində zəfər qazanıblar.

Sonda Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqları “SU-25” hücum təyyarələrinin və vertolyotların müşayiəti ilə döyüş meydanında nümayiş olunub.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimin başa çatması barədə raport verdikdən sonra şəxsi heyətlə görüş olub.

​​​​​​