“Mənim Azərbaycan prezidenti ilə gələcək müzakirələrimin ən vacib maddəsini Dağlıq Qarabağın münaqişədə əsas tərəf kimi danışıqlar prosesinə cəlb edilməsi təşkil edəcək. Ermənistan hökuməti bu istiqamətdə ardıcıl addımlar atır və bu məsələ bizim üçün kapriz, yaxud ilkin şərt deyil, münaqişənin həllində Qarabağın iştirakının başlıca əhəmiyyət daşıması faktının təsdiqidir.” 

Gazette xəbər verir ki, bu cür bəyanatla Ermənistanın Baş naziri Nikol Pashinyan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gələrək separatçılarla birlikdə keçirdiyi Təhlükəsizlik Şurasının iclasında çıxış edib. 

Pashinyan bildirib ki, Ermənistan münaqişənin yalnız sülh yolu ilə həllində maraqlıdır və bu səbəbdən də danışıqlar prosesinə inanır. Lakin danışıqların effektivliyi üçün Dağlıq Qarabağın da nizamlanmada iştirakının təmin edilməsi vacibdir. O, həmçinin, Minsk qrupu həmsədrlərinin irəli sürdüyü 3 prinsip (gücdən istifadə etməmək, dövlətlərin ərazi bütövlüyünün qorunub saxlanılması və xalqların öz müqəddəratını təyin etmə hüququ) və 6 elementə ( 1) Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması; 2) Dağlıq Qarabağa keçid statusunun verilməsi; 3) Ermənistanla Dağlıq Qarabağ arasında birbaşa əlaqənin təmin edilməsi; 4) Dağlıq Qarabağın hüquqi statusunun yekun həlli; 5) Qaçqın və məcburi köçkünlərin yurd-yuvalarına qayıtması; 6) Bölgədə beynəlxalq təhlükəsizlik və sülhməramlı əməliyyatların təmin edilməsi) aydınlıq gətirilməsini tələb edib. 

“Cavab verilməsi gərəkən digər sual isə odur ki, Ermənistan hökuməti ATƏT-in Minsk qrupu həmsədrlərinin danışıqların əsas bazası kimi təqdim etdikləri 3 prinsip və 6 elementi qəbul edirmi? Bu prinsiplər praktikada hansı mənanı verir və onları şərh etməyə kimin hüququ çatır? Bu vacibdir, çünki Azərbaycan tərəfinin bu prinsiplərlə bağlı şərhi bizim üçün qəbuledilməzdir. Əlbəttə ki, biz də öz şərhlərimizlə çıxş edə bilərik, amma bu, mənasızdır, çünki bizim məqsədimiz söz güləşdirmək yox, danışıqlar prosesinin effektivliyinə nail olmaqdır. Danışıqlar prosesinin əsasını fərqli şərhləri istisna edən təsdiqlənmiş bəyanatlar təşkil etməlidir. Amma həmsədrlərin təqdim etdikləri prinsip və elementlər son 10 ildə fərqli cür şərhlərə səbəb olub. Və nəticə etibarilə də, gələcək danışıqlar prosesinin başlıca məqsədi həmin 3 prinsip və 6 elementin izahı olmalıdır. Biz bu cür danışıqlara hazırıq” – Pashinyan vurğulayıb.

Mənbə: Azvision